Sonradan yaranmış ikincili damaq defektləri (residiv)
İkincili damaq defektləri haqqında.
Aktuallıq. Anadangəlmə üz-çənə nahiyyəsinin qüsurları ilə doğulan uşaqların reabilitasiyası zamanı ən çətin öhdəliklərdən biri damaq yarığının (qurdağızlıq) bağlanması əməliyyatından (Uranostafiloplastika) sonra yenidən əmələ gəlmiş ikincili defektlərin (oronasal fistula) aradan qaldırılmasıdır. Əməliyyatdan sonra damaqda yenidən yaranan kiçik və ya böyük deşiklərin (dəlik) rast gəlinmə ehtimalı bəlli səbəblərdən dolayı mümkündür.
İkincili damaq defektləri
Əgər ötən əsrin əvvəllərində və ortalarında aparılmış Uranostafiloplastika əməliyyatlarının nəticələrini analiz zamanı bu cür damaq deşiklərinin (residiv defekt) əmələ gəlmə faizi 70% idisə, bugünkü gündə 3-25% təşkil edir. O zamanlar bu cür defektlərin əmələ gəlmə faizinin yüksək olmasını, düzgün seçilməyən ilkin damaq yarığının (qurdağızlıq) bağlanması əməliyyatının aparılma taktikası və ya əməliyyatın icra olunma yaşı ilə əlaqələndirilirdi. Bu səbəbdən, dövr keçdikcə daha yeni, az travmatik metodikaların işlənib hazırlanması, bu cür defektlərin əmələ gəlmə ehtimallarını azaltmışdır. Ancaq, ötən yüzillikdən bu günə qədər bu mövzu haqqında yazılan elmi işlər, aparılan tədqiqatlar saysız hesabsız olsa da, ikincili damaq defektləri problemi öz aktuallığnı hələ də saxlamaqdadır.
Damaq yarığının (Qurdağızlıq) bağlanması əməliyyatında sonra yenidən yaranan ikincili damaq defektləri (dəliklərin) probleminin əmələ gəlmə səbəbləri çox müxtəlifdir. Əməliyyat planlamasının düzgün aparılmaması; fleblərin qidalanmasının pozulması ilə əlaqədar nekrozun əmələ gəlməsi; daxili orqanların əlavə xəstəlikləri və ya orqanizmin immum sisteminin zəifləməsi ilə əlaqədar regenerasiyanın (yara birləşməsinin) pozulması; əməliyyatdan sonrakı hematoma (qan yığını) ilə yaraların irinləməsi və ya iltihabi infiltratın əmələ gəlməsi; ən yaxın əməliyyatdan sonrakı dövrdə xəstənin kəskin infeksiyon xəstəliyə tutulması; əməliyyatdan sonrakı dövrün düzgün aparılmaması və s. kimi səbəblər damaq defektlərinin (deşiklərin) yaranmasında öncəlik təşkil edən səbəblərdir.
İkincili damaq defektləri probleminin kliniki xarakteri, anadangəlmə damaq yarıqlarının (qurdağızlıq) xarakteri ilə çox da fərqlənmir. Belə ki, anadangəlmə damaq yarıqlarında da, əməliyyatdan sonra yaranan ikincili defektlər də xəstələr qidalanma zamanı qidaların ağız boşluğundan burun boşluğuna keçməsindən (rinolaliya) və nitq funksiyasındakı çatışmamazlıqdan şikayətlənirlər. Damaq defektlərinin kənarlarında həmişə çapıq toxuma qeyd edilir, defektlərin formaları isə cürbəcür olur. Bu dəliklər vasitəsi ilə burun boşluğu selikli qişasında dəyişiklik, həmçinin burun seliyinin ifrazı müşahidə olunur. Bəzən damaq defektinə çox yaxın, üzəri hipertrofik selikli qişa ilə örtülən burun balıqqulaqları qeyd edilir. Yumşaq damağın böyük defektləri insanın danışıq funskiyasının qüsuruna birbaşa təsir edir, həmçinin qidanın burun-udlaq nahiyyədə qalmasına səbəb olur ki, bu da o nahiyyədə xroniki iltihabın formalaşmasına dəstək olur. Kiçik (nöqtə şəklində) yumşaq damaq defektləri bu cür ağırlaşmalara səbəb olmasa da, qidanın burun boşluğuna düşmə ehtimalı inkar olunmur.
Damaq defektlərində əməliyyat növünün seçimi defektin ölçüsündən, yerləşmə nahiyyəsindən, formasından, defekt ətrafında plastik materialın çatışmazlıq dərəcəsindən çox asılıdır.
Buna görə əməliyyat sonrası yaranmış damaq defektlərinin klassifikasiyası aşağıdakı kimidir:
Damaq sərhədləri
Yerləşmə yerinə görə.
- Sərt damağın ön hissəsi (diş yuvası defekti ilə birgə);
- Sərt damağın orta hissəsi;
- Sərt damağın arxa hissəsi;
- Sərt damağın yan hissəsi;
- Sərt və yumşaq damaq sərhəddi;
- Yumşaq damaq.
Ölçüsünə görə:
- Kiçik ölçülü(1 sм-ə qədər);
- Orta ölçülü (2 sм-ə qədər);
- Böyük ölçülü (2 sm-dən böyük).
Formasına görə:
- Dairəvi;
- Oval şəkilli;
- Yarıq şəkilli;
- Qeyri-düzgün formalı.
Qurdağızlı xəstələrdə ilk əməliyyatdan sonra yaranan ikincili damaq defektlərinin (damaq dəliyi, oronasal fistula) yaranma səbəbləri
İlk damaq əməliyyatının (uranostafiloplastika) nəticəsi, cərrahdan asılı olan və ya olmayan bir çox faktorlarla əlaqəlidir. Damaq yarığının forması, əməliyyat metodunun seçilməsi, cərrahın texniki hazırlığı, əməliyyatdan sonrakı dövrün düzgün – aparılması çox böyük əhəmiyyət kəsb edir. Bəzi araşdırmaçılar cərrahın damaq yarığı əməliyyatında kvalifikassiya dərəcəsinin önəmini vurğulayır. Bizim qənaətimizə görə də ilk əməliyyatdan sonra damaq funskiyasının bərpasında cərrahın təcrübəsi çox əhəmiyyət kəsb edir. Bir mərkəzdə cərrah əməliyyatı – əməliyyat texnikasını yazıldığ kimi icra edirsə, digər mərkəzdə bu əməliyyat metodikasının digər növ modifikasiyalarından istifadə olunur. Buna görə araşdırmalar göstərmişdir ki, təkcə əməliyyat metodunun düzgün seçilib seçilmədiyini müqayisə və müzakirə etmək döğru sayılmaz, çünki, planlaşıdırlan əməliyyat növünün düzgün icrasında cərrahın praktiki təcrübəsindən çox şey asılıdr. Həmçinin anadangəlmə damaq yarıqlarının (qurdağızlıq) uğursuz əməliyyatı, xəstənin qənaətbəxş olmayan ümumi vəziyyəti ilə də əlaqələndirilə bilər. Sərt damaq nahiyyəsinin ikincili defektləri (dəlik) damağın ön tərəfində yerləşməsi tezliyi, birinci növbədə anadangəlmə damaq yarığının formasından və yarıq ətrafında yerli toxumaların miqyasından asılıdır. Yumşaq damağın uzadılması zamanı əməliyyatda istifadə edilən damaq toxumalarının arxaya çəkilməsi (Push back), ön damaq nahiyyəsində toxuma çatışmazlığından dolayı həmin nahiyyədə ikincili defektin yaranmasına səbəb ola bilər. Ancaq əməliyyat zamanı burun selikli qişasının doğru tikilməsi, bu nahiyyədə defektin yaranmasının qarşısının alınmasında ən etibarlı vasitə rolunu oynayır.
Sərt damağın orta və arxa nahiyyəsinin ikincili defektləri nadir hallarda müşahidə olunur və bunun əmələ gəlmə səbəblərinin başında – toxumaların tam mobilizə edilməməsi və buna bağlı olaraq, gərginlikdən yara kənarlarının aralanmasın dayanır. Sərt və yumşaq damaq sərhəddində yaranmış dəliklərin yaranma səbəblərinin başında isə – ən çox bu nahiyyədə toxumalar arası gərginliyin və dartılmanın olması dayanır.
İkincili damaq defektlərinin əməliyyat edilmə dövrləri və əməliyyat metodları
Anadangəlmə damaq yarıqlarının (Qurdağızlıq) bağlanmasından sonra yenidən yaranan defektlərin nə zaman bağlanması barədə ədəbiyyatlarda az məlumat yoxdur. Cərrahlar əsasən bu defektlərin erkən dövrdə bağlanmasını məsləhət görür və bununla damağın tam bərpasının və funksionallığının mümkün olduğunu qeyd edirlər. Bu cür damaq deşiklərinin bağlanmadığı halda, damağın tam bərpası və funsionallığı mümkünsüzdür. Böyük olmayan damaq dəlikəri ilk əməliyyatdan sonra (Qurdağızlıq əməliyyatından), sağalma prosesində ölçüsünə görə daha da kiçilir və bəzən tam yox olurlar. Ona görə bu cür damaq defektlərini, ilk əməliyyatdan 5-6 ay sonra aradan qaldırmaq gərəkir. Çünki bu dövrə qədər əməliyyat olunmuş nahiyyədə çapıq toxuması tam formalaşır və toxumaların rəngi normal görüntüdə və rəngdə olur. Əlavə olaraq qeyd edə ki, əməliyyat vaxtının planlanması individual olaraq dəyişə bilər.
Damağın ikincili defektlərinin aradan qaldırılması, cərrahların önünə böyük məsuliyyət qoyur. Bu cür defektlərin yalnış həkimlər və yalnış üsullarla dəfələrlə bağlanma cəhdi və alınan uğurszuluqlar, doğru cərrahın doğru üsulla etdiyi əməliyyatın nəticəsinə mənfi təsir göstərir.
Bütün növ damaq defektlərinin aradan qaldırılması üçün standart əməliyyat metodikaları anlayışı yoxdur. Ona görə ki, defekt ətrafında olan toxumaların vəziyyəti eyni növ, eyni ölçülü defektli, ayrı-ayrı xəstələrdə müxtəlif olur. Əməliyyat növünün seçimi zamanı, ikincili sağalma gedən damaq nahiyyləri də (yan kəsiklər) nəzərə alınmalıdır ki, bu gələcəkdə əməliyyatdan sonra üz skeletində deformasiyaların minimallaşdırılmasında böyük rol oynayır. Hal hazırda bu cür defektlərin aradan götürülməsi üçün defekt ətrafı həm yerli toxumalardan, həmçinin, xış sümüyündən ayrılmış fleblərdən, dildən, burun dodaq büküşündən, yanaqdan ayrılmış fleblərdən istifadə olunur.
Beləliklə, müxtəlif əməliyyat növlərinin mövcud olmasına baxmayaraq, bu cür xəstələrin diş-çənə aparatının anatomik və funskional bərpasına nail olmaq, sonradan yaranan defektlərdən və defektlərin residivindən dolayı çox çətindir. Ona görə yuxarıda vurğulandığı kimi anadangəlmə dodaq-damaq yarıqlarının (dovşandodaqlıq və qurdağlızlıq) müalicəsi, həmçinin əməliyyatdan sonra yaranmış defektlərin bağlanması – bu patalogiya ilə ixtisaslaşmış təcrübəli həkimlər tərəfindən, doğru növ əməliyyat metodları ilə aparılmalıdır.