Dodaq-damaq yarıqları haqqında ümumi məlumat

Üz-çənə nahiyyəsinin anadangəlmə qüsurları, digər anadangəlmə qüsurların içində aktuallığına görə 3-cü yerdədir.Bütün  bunların 70 %-i anadangəlmə dodaq-damaq yarıqları (Qurd ağızlıq-Dovşan dodaqlıq) təşkil edir, 30 %- ni isə kraniosinostozların digər formaları və üz-çənə dizostozları  təşkil edir. Anadangəlmə qüsurlar yaranma səbəblərinə görə çoxfaktorlu xarakter daşıyır.

Etioloji faktora görə anadangəlmə qüsurları 3 yerə bölmək ola:  1) İrsi faktora əsaslanan qüsurlar; 2) Ətraf mühitin təsirindən yaranan qüsurlar; 3) Mənşəyi məlum olmayan  faktorlarla əsaslanan qüsurlar.

İrsi faktorlarla əsaslanan dodaq-damaq yarıqları ( “qurdağızlıq, dovşandodaqlıq”) heterojen qruplara aiddir və  genlərin mutasiyası və xromosom sindromu ilə izah olunur. Bunların əsasında isə xromosomların sayının və ya xromosomların strukturunun dəyişkənliyi nəzərdə tutulur.

Ətraf mühitin təsirindən və digər faktorlardan yaranan dodaq-damaq yarıqları, üst dodağın və üst çənənin formalaşdığı ( hamiləliyin 6-7-ci həftəliyi) dövrü əhatə edir.

Bütün anadangəlmə üz-çənə qüsurlarının  (üzün koloboması, makrostoma, mikrostoma, 1-2ci qəlsəmə qövsü sindromu v.s.) içərisində  dodaq-damaq yarıqları rastlaşma tezliyinə və çoxluğuna görə 1-ci yerdədir. Dodaq-damaq yarıqlarını həmçinin yarıq dodaq, yarıq damaq , “qurd ağızlıq və dovşan dodaqlıq”  kimi də adlandırırlar. Ancaq professional tibb sahəsində, həmçinin ədəbiyyatlatda “qurd ağız və dovşan dodaq” kimi ifadələr çox istifadə edilmir.  Beynəlxalq Simpoziumun 1970-ci il qərarına görə bu xəstəliklər nomenklaturada “yarıq” kimi qeyd olunur və bu terminlər ( Cleft Lip and Palate) praktiki olaraq bütün dünyada qəbul edilmişdir.

Statistik olaraq damaq-dodaq yarıqlarının rastlanma tezliyi müxtəlifdir. Azərbaycanda hər 700 yeni doğulan körpədən 1-də bu cür qüsurlar müşahidə edilir. Böyük Avropa ölkələrində bu miqyas 1: 600 kimi qeyd olunur. 2020-ci ildə 28 avropa ölkəsində 9222 körpə dodaq-damaq yarığı ilə doğulmuşdur.  Müxtəlif ölkələrdə bu sayların fərqlilik təşkil etməsi, həmin ölkələrdə valideynlərin ekoloji, ekonomik, sosial durumlarının fərqli olması ilə izah etmək olar. Bu mənada valideynlərə hamiləliyə qədər genetikin  konsultasiyası aşağıdakı hallarda məsləhət görülür:

  • Nəsildə bu cür qüsurnan doğulmuş insanlar varsa;
  • Ailədə öncəki doğuşlarda bu xəstəlikli körpə qeyd edilirsə;
  • Valideynlərin peşələrində insan orqanizminə mənfi təsir edən faktorlar varsa;
  • Ananın uzun müddət hər hansısa xroniki bir xəstəliyi müşahidə edilibsə;
  • Anamnez ( sorğu) zamanı ananın bir neçə dəfə abort elətdirməsi və ya ananın qızılca, su çiçəyi, toksoplazmoz kimi xəstəliyi keçirmişsə;
  • Hamiləliyin 1-ci trimestrində ananın kəskin respirator virus xəstəliyi ( soyuqdəymə-zökəm) keçirməsi və buna bağlı dərmanların qəbul edilməsi qeyd edilirsə;
  • Ananın pis vərdişləri ( siqaret çəkmə, akloqol qəbul etmə və s.) mövcuddursa.

ETİOLOGİYASI.  Anadangəlmə dodaq və damaq yarıqları Ekzogen (xarici) və Endogen (daxili) amillərdən yaranır.

Ekzogen (xarici) amillərə aiddir:

1) Fiziki amillər (radioaktiv şüalanma, ionlaşmış radiassiya; dölə olunan mexaniki təsirlər- hamilə qadının qarnından aldığı zərbə, hamilə qadının yıxılması, bətndaxili təzyiq, çox döllü hamiləlik, uşaqlığın şişləri, hamilənin bədən temperaturunun yüksəlməsi, günəş şüalanması dozunun artıq olması) ; 2) Kimyəvi amillər (hipoksiya, ananın hamiləliyin kritik dövrlərində normal qidalanmaması, qan azlığı,  peşə zərərləri, kimyəvi zəhərlənmələr v.s); 3) Bioloji amillər ( hamiləlik dövründə virus xəstəlikləri, epdemik parotit ( “qulaqdibi” kimi də adlanır), qızılca, su çiçəyi, herpes, sitomeqalovirus, toksoplazmoz xəstəlikləri v.s); 4) Psixoloji amillər ( hamiləliyin ilk aylarında adrenalin səviyyəsinin yüksəlməsi nəticəsində hormon tarazlığının pozulmasına səbəb olan psixoloji travmalar); 5) Ekoloji tarazlığın pozulması.

Endogen (daxili) amillərə aiddir :

1)Valideynlərin keçirdiyi cinsiyyət orqanlarının xəstəliyi- Trixomonoz, ananın keçirdiyi infeksiyon xəstəliklər, hipovitaminoz, hipervitaminoz A xəstəlikləri; 2)  Ananın yaşı ( 40 yaşından sonra qadınların  qüsurlu uşaq doğma ehtimalı artır, 30 yaşa nisbətən 3 dəfə çoxdur); 3) Əsəbilik və gərginlik; 4) Valideynlərin pis vərdişləri ( siqaret, narkotik və alkoqol qəbulu); 5) Hamiləliyin 1ci trimestrində ( 6-11 həftəliyində) dərman preparatlarının qəbulu.

Bütün bu amillər dodaq-damaq yarıqlı  (“qurdağızlı və dovşandodaqlı”) uşaqların doğulmasına zəmin yaradır. Dodaq-damaq yarığı ilə doğulan uşaqların 15-20 %-ni irsi faktorlar təşkil edir.  Yeni doğulmuş uşaqlarda dodaq və damaq yarığının mövcudluğu, ən başda uşağın hələ möhkəmlənməmiş orqanizminə təsir edir. Bu növ qüsurla doğulmuş uşaqlarda vaxtında və düzgün əməliyyat icra olunmadıqda, yaş ötdükcə tez-tez digər xəstəliklər ( qulaq-burun-boğaz xəstəliyi, eşitmə orqanı xəstəliyi, ürək-damar xəstəlikləri vəs.) qeyd edilir və bu da onun somatik vəziyyətinə təsir edir. Beləliklə dodaq yarığı, damaq yarığı ilə doğulan uşaqların müalicəsi tələb edir ki, müalicə kompleks şəkildə icra olunmalı və xəstələr müxtəlif profilli mütəxəssislərin nəzarəti altında qalmalıdırlar.

Dr. Xəyal Aşurəliyev

Üz-çənə cərrahı

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.