“Qurd ağız” uşaqlar – Damaq yarıqları

Qurdağızlıq – Anadagəlmə damaq yarığlarının klassifikasiyası aşağıdakı kimi bölünür:

  1. Açıq və gizli yarıqlar;
  2. Tam və natamam yarıqlar;
  3. Birtərəfli, ikitərəfli və mərkəzi yarıqlar;
  4. Sərt və (və ya) yumşaq damaq yarıqları;
  5. Dodaq və alveol çıxıntısı (diş cərgəsi) ilə birləşmiş yarıqlar.

Damaq yarıqlarında valideynlər – damaqda olan deffektdən, qidalanma zamanı qidanın burundan gəlməsindən (Rhinolalua aperta) şikayətlənirlər.

Qurdağızlıq hansı formalarda rast gəlinir?

Qurd ağızlıq zamanı mərkəzi izolə olunmuş yarıqlarda ağız boşluğuna baxış zamanı alveol qövsünün (diş cərgəsi) tamlığı, yumşaq və sərt damağın  isə 2 hissəyə ayrıldığı müşahidə olunur. Bu zaman xış sümüyü mərkəzdə yerlərşir. Gizli yarıqlarda sərt və yumşaq damaqda toxumanın rəngi açıq-göy rəngdə olur və damağa barmaq ilə palpasiya etdikdə toxumanın altında sümük toxumasının olmaması müşahidə olunur. İzolə olunmuş yarıqlar tez-tez dayaq-hərəkət sistemi və digər xəstəliklərlə müşaiət olunur. Buna görə bu cür qurd ağız uşaqlar dərin müayinəyə göstəriş hesab olunurlar.

Birtərəfli tam yarıqlarda deffekt üst dodağı, alveol çıxıntısını (diş cərgəsini) və damağı tam olaraq əhatə edir. Bu zaman yarıq damağı 2 hissəyə bölür, bunlardan 1-i böyük, 2-cisi isə kiçik fraqmentlərdir. Bu tip yarıqlarda xış sümüyü böyük fraqmentə birləşmiş olur və yarıq tərəfdə ağız boşluğu burun boşluğu ilə əlaqəli olur.

İkitərəfli tam (əlaqəli) yarıqlarda isə yarıq diş cərgəsini və damağı  3 yerə bölür – 2 yan fraqmentə  və mərkəzi fraqmentə. Qurd ağızlıq zaman mərkəzdə qalan – alveol çıxıntısının ancaq mərkəzi dişləri əhatə edən hissəsi və damağı ortadan 2 yerə ayıran xış sümüyüdür. Ağız boşluğu hər iki tərəfdə burunla əlaqəli olur. Bəzi qurd ağız hallarında yarıq nahiyyəsindən şişmiş (hipertrofik), üzəri göyümtül ərplə örtülmüş burun balıqqularları müşahidə edilir.

Bütün növ damaq yarıqlarında yumşaq damaq adətən qısa və assimmetrik , udlağın mərkəzi hissəsi (mezofarings) isə geniş olur.

Qurd ağız uşaqların yaşamlarındakı ən böyük çətinliklər

Yarıq damaqlı (“Qurdağızlı”) uşaqlarda ən çox çətinlik törədən – doğulduqdan etibarən uşağın qıdalanması olur (tam yarıqlarda bu çətinlik daha çox olur). Qurd ağız uşaq təbii qidalana bilirsə, əgər onun həyatda qalma ehtimalı, əmmək refleksinin qənaətbəxşliyi, həmçinin əzələ aktivliyi yüksək olur. Uşağın 1 yaşına qədər qidalanmasında defisit olarsa, bu çatışmazlıq ondan sonrakı heç bir dövrdə kompensasiya olunmur. Ona görə 1 yaşına qədər uşaqların qidalanması – qəbul etdiyi qidanın tərkibi, qidalanma növü damaq yarıqlı uşağın gələcək inkişafında çox önəm daşıyır, hansı ki bu uşaqlar həyatlarının ilk günlərindən əmmə, udqunma, nəfəs alma problemləri ilə qarşılaşırlar. Bu funksiyaların pozulması, belə qurd ağız uşaqlarda gələcəkdə tənəffüs və həzm orqanlarının müxtəlif növ iltihabi xəstəlikləri üçün zəmin yaradır. Uşaqlarda ələxsus da əmmək funsiyası həzm sisteminə, maddələr mübadiləsinə, çənə və üz skeletinin inkişafına bir başa təsir göstərir.

Qurdağız uşaqlar necə qidalandırılır?

Damaq yarıqlı (qurdağız) uşaqların süni qidalandırılmasının bir neçə növü vardır: zondla, qaşıqla, əmziklə, obturatorla. İlk 2 qidalandırılma növü (zond və qaşıq), uşağın çənəsinin inkişafında, çənə ətrafı əzələlərin möhkəmlənməsində mühüm rol oynayan – əmmək funsiyasını demək olar ki yox edir. Zondla qidalandırma zamanı zond udlağın, qida borusunun selikli qişasını zədələyir və nəticədə həmin nahiyyədə şişkinlik və iltihab əmələ gələ bilir. Bu səbəblərdən dolayı, əgər qurdağız (damaq yarıqlı) uşaqlara digər göstərişlər yoxdursa, (Pyer-Roben sindromu), o zaman bu növ qidalanmalardan istifadə etmək çox da məsləhət görülmür.

Adi və ya xüsusi modifikasiya edilmiş əmziklərlə qidalanma ən çox istifadə olunan qidalandırma növüdür, ancaq əmziklə qidalandırma, hissəvi (natamam) damaq yarıqlı uşaqlarda daha çox məqsədə uyğundur. Tam yarıqlı uşaqlarda əmziklə qidalandırma zamanı əmziyin sərtliyi, forması, dəliyinin diametri çox önəm daşıyır. Belə ki, sərt materialdan hazırlanmış və dar dəlikli əmzikdən istifadə zamanı, əmzik hissəvi olaraq yarığın içinə daxil olur və əmmək funsiyası zamanı verilən təzyiq damağın yan sümük səhifələrinin deformasiyasına gətirib çıxara bilir. Bu da öz növbəsində qurdağız əməliyyatı zamanı cərraha çətinlik yaradır.

Buna görə uşaq doğum evindən çıxan kimi pediatr-neanatoloqu tərəfindən – valideynlərə uşağın müalicəsinin mərhələli etaplarla aparılması barədə məlumat verməkçün üz-çənə cərrahlarına yönləndirilməlidir.

Tam və ya natamam damaq yarıqlı (Qurd ağızlıq) uşaqların müalicəsi kompleks şəkildə icra olunur və cərrah, ortodont, loqoped və psixoloqun reabilitasiyası ilə birlikdə həyata keçirilir.

Qurdağızlıq necə müalicə edilir?

Bugün avropada  90% qurdağız və dovşandodaqlıqla doğulan uşaqların əsas müalicə taktikası aşağıdakı kimidir:

  • 3 aylığa qədər – uşağın qidalanmasında obturator və ya əmziklər istifdəsi;
  • 3-5 aylığına qədər uşaqların düzgün olmayan yarıq fraqmentlərinin ortodontik korreksiyası;
  • 3-6 aylıq olanda uşaqların dodaq plastikası (xeyloplastika, Cleft Lip);
  • 9-12 aylıq olanda uşaqların yumşaq damağının plastikası – Veloplastika (iki mərhələli planlamanın ilk etapı) ;
  • 14-16 aylıq olanda uşaqların sərt damağının plastikası – Palatoplastika (iki mərhələli planlamanın ikinci etapı – Yumşaq damaq plastikasından sonra) ;
  • 12-18 aylıq olanda uşaqların sərt və yumşaq damağın tək mərhələli plastikası (Uranostafiloplastika);
  • 2-3 yaşından 12-14 yaşına qədər dodağın ikincili deformasiyası və damağın ikincili defektlərinin bağlanması;
  • 8-12 yaş – alveol çıxıntısı (diş cərgəsi) yarığının sümük köçürtmə ilə plastikası.

Yarıq fraqmentlərinin sərbəst kənarları bərabər olduqda birtərəfli damaq yarıqlarında (qurdağızlıq) deffekti uşağın 1-2 yaş aralığında birmərhələli olaraq tam bağlamaq olar. Ancaq ikitərəfli yarıqlarda ilk öncə yumşaq damaq yarığı 9-12 aylığında bağlanır və sərt damağın ön hissəsinin daha da inkişaf etməsi üçün, həmin nahiyyənin əməliyyatı sonraya saxlanılır.

Yarıq fraqmentlərinin sərbəst kənarları qeyri-bərabər olduqda isə birtəfəli və ya ikitərəfli damaq yarıqları iki mərhələdə (ilk öncə yumşaq damaq, sonra isə sərt damaq) bağlanılması məsləhət görülür.

Qurdağızlıq zamanı müasir müalicə taktikaları

Son 30 ildə avroda və postosevet ölkələrində damaq və dodaq yarıqlı (qurdağız) uşaqların əməliyyatının erkən dönəmdə aparılması tendensiyası formalaşıb. Bizim təcrübəmizə görə bunun səsəbləri aşağıdakılardır:

  1. Xəstəlik tarixlərinin analizi, valideynlərlə söhbət, əməliyyat olunmamış uşaqların dinamik nəzarəti göstərir ki, 3 yaşından 6 yaşına qədər əməliyyat olmamış qurd ağız uşaqların ən böyük problemi – əməliyyat olunmadığından dolayı üst çənədə yaranan deformasiya deyil, ünsiyyət zamanı qarşı tərəfə fikrini çatdıra bilməməsidir. Hətta uşaqların bağça dönəmində digər uşaqlar əyləndiyi zaman, bu qüsuruna görə onlarla oynamırlar, ələ salıb gülürlər. Bütün bu hallar tez-tez təkrarlandığına görə bu – uşağın xarakterinin formalaşmasına çox mənfi təsir göstərir, uşaqda özgüvənsizlik, qərarsızlıq kimi mənfi cəhətlərin orataya çıxmasına gətirib çıxardır. Əgər düşünsək ki, bütün damaq yarıqlı – qurdağız uşaqlar cəmiyyətdə normal diqqət görür, bu uşaqlar əməliyatdan öncə kifayət qədər loqopedik, ortodontik müalicə ilə təmin olunur, hətta, bu durum belə uşaqların əməliyyatının gecikdirilməsinə əsas verə bilməz. Bəzən sual olunur ki, erkən əməliyyatı niyə obturator vasitəsi ilə təxirə salmaq olmaz? Ona görə ki, əvvəla gec dönəmdə aparılan əməliyyatlar daha travmatik olunur, ikincisi isə əməliyyatdan sonrakı dövrdə nitqin formalaşması üçün uzun müddətli loqoped müalicəsinə ehtiyac duyulur, hansı ki, damaq, dil və udlaq əzlələri buna qədər qeyri düzgün işləməyə vərdiş etmiş olur. Ünsiyyət – insanın həm sosiallıq həm də vətəndaşlıq anlayışının formalaşmasında ən önəmli faktorlardan biridir
  2. Qurdağız və dovşandodaqlı uşaqların erkən dönəmdə əməliyyat olunmalarının ən başlıca səbəblərindən biri – bu uşaqların yaş ötdükdə çoxalan və tezləşən fon xəstəlikləridir, hansı ki, uşağın reabilitasiyanın ləngiməsinə səbəb olur;
  3. Aparılmış immunoloji, antropometrik, biokimyəvi təcrübələr görsədir ki: 1-2 yaş – dodaq-damaq yarıqlı uşağın somatik vəziyyətinə, yerli əməliyyat göstərişlərinə daha uyğun hesab edilir, həmçinin insanın nitq mexanizminin formalaşması bu dövrü əhatə edir. Ancaq bu o demək deyi lki, bu yaş dövründə bu uşaqların hamısı əməliyyata hazır olur. Əməliyyatın vaxtından öncə uşağın əməliyyata hazırlıq dövrü qənaətbəxş olmalıdır.
  4. Əməliyyatdan sonrakı dövrdə uşağın üz skeletində əmələ gələ biləcək deformasiyaların aradan qalxması üçün, ortodontik müalicə aparılır. Yaxşı olar ki, bu müalicə uşağın danışıq funsiyasının formalaşdığı dövrü əhatə eləsin.

Aşağıdakı videodan üz-çənə cərrahı Dr. Xəyal Aşurəliyevin Anadangəlmə damaq yarıqları – Qurdağızlıq haqqında olan video reportajına nəzər sala bilərsiniz.

Dr. Xəyal Aşurəliyev

Üz-çənə cərrahı

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.