Dodaq yarıqları (“Dovşan dodaqlıq”)

Anadangəlmə yarıq dodaqlı uşaqlarda yarıq – yüngül halda təkcə üst dodaq toxumalarını əhatə edir. Daha ağır formalarda isə yarıq alveol çıxıntısı (diş sırası), həmçinin sərt və yumşaq damaqla birgə əlaqəli şəkildə müşahidə olunur. Buna görə dodaq yarıqlarını (“dovşandodaqlıq”) aşağıdakı növlərə bölmək olar:
- Yarığın dərinliyinə görə ( açıq yarıq və gizli yarıq);
- Yerləşməsinə görə ( yan yarıqlar-99 % və mərkəzi yarıqlar- 1 %). Yan yarıqlar da cinahlara görə 2 hissəyə bölünür : Birtərəfli yarıqlar – 82 % (sol tərəfli dodaq yarıqları, sağ tərəfli yarıqlara nisbətən çoxluq təşkil edir); İkitərfli yarıqlar- 17 %;
- Yarığın saggital sahədə hündürlüyünə görə ( hissəvi yarıqlar, tam yarıqlar və əlaqəli yarıqlar);
- İzolə olunmuş və birləşmiş yarıqlar ( diş sırası və damaq yarıqları ilə bir yerdə).
Birtərəfli tam dodaq və damaq yarıqlarında deffekt – dodaqla bərabər, alveol çıxıntısını və diş sırasını 2 fraqmentə bölür – böyük fraqment və kiçik fraqment. Bu zaman burun arakəsməsi böyük fraqmentə bitişik qalır. Normada yuxarı dodaq ağızın dairəvi əzələsi (m. Orbicularis oris) ilə əhatə olunur və bu əzələlər alveol çıxıntısına təbii təzyiq edir. Yarıq zamanı isə bu təzyiq düzgün paylanılmır və ona görə 1 tərəfin götürdüyü təzyiq, digər tərəfə nisbətən böyük olur. Nəticədə yarığın ayırdığı tərəflərdən biri əng qövsünə nisbətən anormal vəziyyətdə durur. İkitərəfli tam dodaq yarıqlarında isə yarıq dodağı 3 fraqmentə ayırır – mərkəzi fraqment və 2 yan fraqment (sağ və sol).
Tam dodaq yarıqlarında burun qanadı həmişə yarıq tərəfə əyildiyindən – burun qanadı basılmış, dartılmış, burun ucu assimetrik, burun arakəsməsi ( burun çəpəri) əyilmiş olub qeyri-düzgün formalı olur. Dodaq yarığı ilə doğulmuş körpələr həyatlarının ilk günlərində ağız boşluğunun hermetikliyinin pozulmasından dolayı, əmmək funskiyası olmadığından ana südü ilə, həmçinin digər təbii üsullarla qidalana bilmədiyindən, xüsusi əmziklər və ya zond vasitəsi ilə qidalanırlar.
Anadangəlmə yarıq dodaqlı (“dovşandodaqlıq”) uşaqların əməliyyatı (Xeyloplastika), körpənin 3-5-ci aylığında icra olunumalıdır. Ancaq, körpənin yaşı və ya neçə aylıq olması əməliyyatın nə zaman aparılmasının ən önəmli arqumenti deyil. Əməliyyatın icrası – uşağın çəkisi normal və qanı dəyərləri müsbət olduqda, bronxların, ağciyərlərin və digər daxili orqanların xəstəlikləri inkar edildikdə, kəskin xəstəlik keçirməsindən, həmçinin profilaktik peyvənd vurulmasından ən azı 1 ay keçdikdən sonra planlaşdırıla bilər. Əməliyyatı icra edən həkim bu sahədə ixtisaslaşmış təcrübəli biri olmalı, əməliyyat zamanı dodağın konfiqurasiyası, anatomik strukturu (dəri və əzələlər) yenidən və doğru şəkildə bərpa edilməlidir.